Sual cümləsi
Sual cümləsi - Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqsədilə işlədilən cümlələrə deyilir.
Əgər nəqli cümlələr vasitəsilə danışan şəxs müsahibinə məlumat verir, bir məlumat ötürürsə, sual cümlələri dinləyənin fikrini bilmək, ondan məlumat almaq, onun köməyi ilə məlumatını dəqiqləşdirmək, zənginləşdirmək məqsədi daşıyır. Məsələn:
- Kimsiniz, hara gedirsiniz?
- Elçiyik, Sultanın yanına gedirik.
- Bu zənən xaylağı da elçidir?
- O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi-başçı. (F. Kərimzadə)
Sual cümlələri intonasiyanın, sual əvəzliklərinin və sual ədatlarının köməyi ilə qurulur.
İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yalnız intonasiyanın köməyi ilə yaranır.